“Qarabağ”ın sabiq qapıçısı: "Braqa" Azərbaycan çempionu ilə oyunun asan olmayacağını bilir
Bakı, 14 fevral, AZƏRTAC
"Qarabağ"ın "Braqa"ya qarşı keçirəcəyi oyunlar çox maraqlı olacaq".
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq qapıçısı Vaqner da Silva Ağdam təmsilçisinin UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa”ya qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
Uzun illər Portuqaliyada çıxış etmiş braziliyalı qolkiper braqalıların son illərdə daha da gücləndiyini bildirib: "Bu yaxınlarda Portuqaliya Liqa Kubokunun qalibi oldular. Heyətləri təcrübəli və gənc oyunçulardan qurulub. Meydanda döyüşkən mübarizə aparırlar. Düşünürəm ki, "Qarabağ" səfərdə sərfəli nəticə qazana bilsə, Bakıdakı cavab matçında azarkeşlərin dəstəyi ilə növbəti mərhələyə adlaya bilər. Sabiq komandamın bunu etmək bacarığı və şansı var".
Onun sözlərinə görə, Azərbaycan çempionunun avrokubok təcrübəsi çətin dueldə komandaya kömək edə bilər: "Braqa" "Qarabağ"a qarşı oynamağın asan olmayacağını bilir. Portuqaliyada qazanılacaq sərfəli nəticə Ağdam təmsilçisinin avrokuboklarda daha da irəli getməsinə şərait yaradacaq".
2018-2020-ci illərdə “Qarabağ”ın formasını geyinmiş 37 yaşlı qapıçı rəqibin heyətində təhlükəli futbolçuların olduğunu vurğulayıb: "Mən hansısa komandaya fərdi yanaşmağı sevən biri deyiləm. Ancaq "Braqa"nın heyətində Rikardu Orta, Joau Moutinyu, Abel Ruiz, Simon Banza, Pitsi, Joze Fonte və qapıçı Mateus kimi önəmli simalar var. Onların təcrübəsi matçın taleyinə təsir edə bilər".
Qeyd edək ki, fevralın 15-də “Munisipal” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü fevralın 22-də Bakıda olacaq.