Qax Dövlət Kukla Teatrı uşaqlar üçün əyləncəli bayram proqramı hazırlayır
Qax, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı Yeni il bayramı günlərində uşaqlara əyləncəli tamaşa-kompozisiya təqdim edəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Baş rejissorun quruluş verdiyi bayram proqramının rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Proqramın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edəcək, onlarla birgə rəqs edib əylənəcəklər.
Daha sonra uşaqlar italyan yazıçısı Karlo Kollodinin “Pinokionun sərgüzəştləri” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxacaqlar. Tamaşa üzərində məşqlər artıq başa çatıb və yaxın günlərdə yeni səhnə əsərinə ictimai baxış keçiriləcək.
Baş rejissorun məlumatına görə, teatrda Yeni il şənlikləri dekabrın 28-dən 30-dək və yanvarın 1-dən 5-dək davam edəcək.