İDMAN
QAXDA POLİATLON ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ ZONA YARIŞLARI KEÇİRİLMİŞDİR
Aprelin 29-30-da Qax şəhərində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının zona yarışları keçirilmişdir. Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq keçirilən bu yarışlarda Şəki-Zaqatala zonası və ətraf rayonları təmsil edən 13 komanda mübarizə aparmışdır.
Nazirliyin məsul nümayəndəsi Nüvər Xasıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yarışların əsas məqsədi çağırışa qədər və çağırış yaşlı gəncləri hərbi xidmətə hazırlamaq, eyni zamanda ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək milli yığma komandanın üzvlərini müəyyənləşdirməkdir. Zona yarışları Bakı şəhəri və Naxçıvan da daxil olmaqla, respublikamızın 6 bölgəsində keçirilir.
İki gün davam edən zona turunda iştirakçılar 100 metr məsafəyə qaçma, turnikdə dartınma və güllə atıcılığı yarışlarında qüvvələrini sınamışlar. Daha uğurlu çıxış edən Qax, Ağsu və Şəki komandaları mayın 25-28-də Quba şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.