Qaxlı gənclər “GəlSən” layihəsi çərçivəsində məktəblilərlə görüşüblər
Qax, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi yeni layihəyə start verib. “GəlSən” layihəsi çərçivəsində gənclərin rayonun ümumtəhsil məktəblərinə səfərləri təşkil olunur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nümayəndəliyin rəhbəri Elmir Həşimli məlumat verib.
Bildirilib ki, layihə çərçivəsində mərkəzin fəal gəncləri şəhid Namiq Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-lisey və şəhid Etibar Babayev adına 4 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin qonağı olublar. Görüş zamanı məktəblilərə mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr, təlimlər və digər tədbirlər barədə ətraflı məlumat verilib. Mərkəzin əməkdaşları məktəbli gəncləri Gənclərin İnkişaf və Karyera Mərkəzinə üzv olmağa, könüllülük və təcrübə proqramlarında iştirak etməyə dəvət ediblər.
Layihə çərçivəsində şəhərdə fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində belə görüşlərin keçirilməsi nəzərdə tutulur.