QAZAX–GÜRCÜSTANLA DÖVLƏT SƏRHƏDİ AVTOMOBİL YOLUNDA ƏSASLI TƏMİR VƏ TİKİNTİ İŞLƏRİ DAVAM ETDİRİLİR
Ölkədə yol-nəqliyyat kompleksinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində Qazax-Gürcüstanla dövlət sərhədi (Qırmızı körpü) avtomobil yolunda əsaslı təmir və tikinti işləri davam etdirilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şərq-Qərb avtomobil magistralının tərkib hissəsi olan Qazax-Gürcüstanla dövlət sərhədinədək avtomobil yolunun ümumi uzunluğu 36 kilometrdir. İkinci texniki dərəcəli və 2 zolaqlı yolun təmir-tikinti işlərinin podratçı təşkilatı “İmpressa” şirkəti, subpodratçısı isə “Akkord İnşaat-Sənaye” ASC-dir.
Tikintisinə bu il iyulun 12-də başlanmış yolda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün 15 kilometrlik müvəqqəti yol salınmışdır. Yola aid olan ərazidə torpaq yatağı işlərinə başlanılmışdır. Artıq 6 kilometrlik hissədə bu işlər yerinə yetirilmişdir. Yolun 16-cı, 21-ci və 26-cı kilometrlərində 3 iri körpünün tikintisi nəzərdə tutulur.
“Azəryolservis” ASC-nin sifarişi ilə inşa edilən yol Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.