REGİONLAR
Qazax kümçüləri 3 ton barama təhvil veriblər: hədəf 6 tondur
Qazax, 17 iyun, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə baramaçılığın və ipəkçiliyin qədim ənənələrə malik olduğu bölgələrdə, xüsusən də Qazaxda inkişaf etdirilməsində mühüm rol oynayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət başçısının respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr, dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi subsidiya rayonda ipəkçiliyə olan marağı artırıb.
Qazaxda artıq beşinci ildir ki, ipəkqurdu bəslənilir. Bu il rayonun Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə kümçülər tərəfindən 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub.
Artıq xeyli vaxtdır ki, rayonda barama tədarükünə başlanılıb. Rayonun Aslanbəyli, Qaymaqlı, Kəmərli, Daş Salahlı, Orta Salahlı, Dəmirçilər, Alpout, Cəfərli, Birinci Şıxlı, Xanlıqlar, Kosalar, Hüseynbəyli, Çaylı və Yuxarı Salahlı kəndlərinin kümçüləri indiyədək 3364 kiloqram barama tədarük edərək "Azəripək” MMC-yə təhvil veriblər. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərə baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.