Qazaxda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı toplantı keçirilmişdir
Qazax, 31 mart (AZƏRTAC). Qazaxda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova məruzə etmişdir. Rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev, məcburi köçkün Allahverən Poladov və başqaları çıxış etmişlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşmiş, onların hüquq və azadlıqları vəhşicəsinə kütləvi sürətdə pozulmuşdur. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni ideoloqların uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür.
Ermənistanın 1988-ci ildə başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də ona bitişik yeddi rayonu işğal edilmiş, beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt olunmuş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918 -1920-ci illərdə xüsusən geniş yayılmışdır. Onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla, vəhşicəsinə qətlə yetirmişlər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci ilin martın 31-də törədilmişdir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qırğınlar kütləvi şəkil almış, silahlanmış erməni əsgərləri dinc əhalini amansızlıqla məhv etmişlər. Lakin təəssüflər olsun ki, bütün bu hadisələrə uzun müddət ölkəmizdə və dünyada hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi olaraq bildirilmişdir.
Daha sonra vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək, azərbaycanlı qaçqın və məcburi köçkün ailələri öz doğma yurdlarına qayıdacaqlar.