Qazaxda 85 subartezian quyusu təmir olunub VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Qazaxda cari ildə 85 subartezian quyusu təmir olunub, əkin sahələrinin suvarılması yaxşılaşdırılıb.
Bu barədə AZƏRTAC-a Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Asim Osmanov məlumat verib.
O qeyd edib ki, Qazax Suvarma Sistemləri İdarəsi rayonun kənd təsərrüfatı bitkiləri əkilmiş 19 min hektara yaxın pay torpaq və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Suvarılan sahələrin 7100 hektarı mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsi ilə, 11810 hektarı isə açıq kanallar vasitəsilə öz axımında suvarılır. İdarənin balansında 21 nasos stansiyası var ki, bunun da hazırda 19-u işlək vəziyyətdədir. Bundan başqa, idarənin balansında 205 subartezian quyusu fəaliyyət göstərir. Subartezian quyuları vasitəsilə 587 hektar həyətyanı və pay torpaq sahələri suvarılır.
Qazılan və qazılmaqda olan subartezian quyuları əhalinin suvarma suyuna tələbatını ödəməklə bərabər, içməli suya olan ehtiyacını da qarşılayır.
Hazırda mövsümə uyğun olaraq arx və kanallarda, hidrotexniki qurğularda, nasos stansiyalarında cari təmir işləri aparılır. İlin əvvəlindən ayrıclardan su istehlakçılarına 48530 min kubmetr su verilib, buna müvafiq olaraq 24335 hektar sahə suvarılıb.
Cari ildə arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri də yerinə yetirilib, hazırda bu işlər davam etdirilir. Kanalların lildən təmizlənməsi suvarma suyunun maneəsiz axınını təmin etməklə yanaşı, istifadəçilərə daha tez çatmasına gətirib çıxarır.
Qeyd edək ki, Qazax rayonunda sahələrin suvarılması üçün beş mənbədən - Ağstafaçay, Coğaz çay, İncəsu çay su anbarları, Kür və Xram çaylarından su götürülür. Rayon ərazisində hazırda suvarma ilə bağlı problem yaşanmır.