Qazaxıstan aviaşirkətləri koronavirus səbəbindən ilin sonunadək milyonlarla dollar itirə bilərlər
Nur-Sultan, 13 aprel, AZƏRTAC
COVID-19 pandemiyası səbəbindən Qazaxıstanda fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə nəqliyyatın bütün növlərinin fəaliyyətinə (istisnalar olmaqla) məhdudiyyətlər qoyulub.
AZƏRTAC xəbər verir ki, ölkənin paytaxtında və Almatıda fövqəladə vəziyyətin aprelin sonuna kimi uzadılması səbəbdən Qazaxıstanın “Air Astana” milli aviaşirkəti aprelin 15-dən 30-dək nəzərdə tutulan bütün müntəzəm reyslərini ləğv etmək məcburiyyətində qalıb. Aviaşirkət ilin sonuna qədər 148 milyard təngə (346 milyon ABŞ dolları), ölkənin digər aviaşirkəti “SCAT” isə 84 milyard təngədən (196 milyon dollar) çox gəlir itirə bilər. Bu ilin yanvar-fevral aylarında avişirkətlərin gəlirləri 55,3 milyard təngə (129 milyon dollar) təşkil edib.
“SCAT” aviaşirkəti hazırda əsasən ölkə üzrə və yaxın xaric ölkələr üçün humanitar yüklərin daşınmasına dəstək verir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusun pandemiyası səbəbindən "Qazaxıstan Respublikasında fövqəladə vəziyyətin tətbiqi haqqında" Fərman imzalayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan