Qazaxıstan Parlamentinin Məclisi fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Qazaxıstan-Azərbaycan Sazişini ratifikasiya edib
Astana, 10 dekabr, AZƏRTAC
Qazaxıstan Parlamenti Məclisinin plenar iclasında deputatlar “Qazaxıstan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mülki-müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında” qanun layihəsini bəyəniblər.
Qazaxıstanın daxili İşlər nazirinin müavini Vladimir Bojko deyib: “Həmin saziş 2010-cu il oktyabrın 6-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin Astanaya səfəri zamanı imzalanıb. Saziş Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığa hüquqi baza yaratmaq məqsədi daşıyır.
Xəzər dənizinin şelfində hər iki ölkənin iqtisadiyyatında strateji rol oynayan neft yataqları var. Xəzərdə, o cümlədən dəniz kommunikasiyaları xəttində təhlükəsizliyin təmin olunması hər bir dövlət üçün prioritet məsələdir. Tərəflərdən birinin gücü və vəsaiti ilə aradan qaldırmağın mümkün olmadığı fövqəladə halların yaranması ehtimalını nəzərə alsaq, bu sazişin icrası tərəflərdən birinin ərazisində fövqəladə hallar yaranacağı təqdirdə birgə əlaqələndirilmiş fəaliyyətin təşkil olunmasına kömək edəcək.
Layihəyə dair rəydə deyilir ki, saziş tərəflərin fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və qiymətləndirilməsi, əhalinin fövqəladə hallara, o cümlədən ilkin tibbi yardım göstərilməsinə hazırlığının təşkil olunması, sənaye qəzaları və ya təbii xarakterli fəlakətlər nəticəsində mümkün çirklənmələr ilə bağlı ətraf mühit və əhali üçün riskin dəyərləndirilməsi haqqında informasiya mübadiləsi sahəsində əməkdaşlığını nəzərdə tutur. Elmi-tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, elmi-texniki ədəbiyyatın, tədqiqat işlərinin nəticələrinin, elmi metodiki materialların mübadiləsi planlaşdırılır. Saziş çərçivəsində mülki-müdafiə sahəsində mütəxəssislərin hazırlanması və yenidən hazırlanması, fövqəladə halların aradan qaldırılması zamanı qarşılıqlı yardım da nəzərdə tutulub.
Bundan əlavə, saziş tərəflərin birinin ərazisində baş vermiş fövqəladə vəziyyətlərin aradan qaldırılmasına ən qısa müddətdə kömək göstərilməsi haqqında sorğu daxil olacağı təqdirdə yardım göstərməyə imkan verəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana