Qazaxıstanda koronavirusla əlaqədar həftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq
Nur-Sultan, 18 iyun, AZƏRTAC
Qazaxıstanda koronavirusla əlaqədar həftəsonu əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar ölkədə epidemioloji vəziyyətin ağırlaşması və koronavirusa yoluxma hallarının artması səbəbindən COVID-19-un yayılmasının qarşısını almaq üçün idarələrarası komissiyanın iclasında qəbul edilib.
Qərara əsasən, həftəsonu Nur-Sultan, Almatı, Qaraqanda, Çimkənt, Pavlodar və Ekibastuz şəhərlərində ticarət və əyləncə mərkəzlərinin, ticarət evlərinin, şəbəkə mağazalarının, qeyri-ərzaq və ərzaq bazarlarının fəaliyyəti dayandırılacaq. Bu şəhərlərdəki ictimai iaşə obyektləri yalnız sosial məsafəyə uyğun olaraq küçədə açıq havada fəaliyyət göstərə biləcəklər. Bundan əlavə, ictimai nəqliyyatda da məhdudiyyətlər olacaq.
Məhdudiyyətlərdən biri də turizm zonalarına aiddir. Qeyd edilən şəhərlərə coğrafi baxımdan yaxın olan turizm zonalarına giriş də bağlanacaq.
Qeyd edək ki, Qazaxıstanda koronavirusa yoluxanların sayı 15 min 877 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 100 nəfərə çatıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan