Qazaxıstanlı politoloqlardan Azərbaycana dəstək
Nur-Sultan, 3 noyabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində Siyasi Tədqiqatlar Assosiasiyasının üzvləri ilə Azərbaycanın Qazaxıstandakı səfirinin debatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstanın nüfuzlu politoloqları, ölkədə ictimai fikrin formalaşmasında önəmli rol oynayan ekspertlər iştirak ediblər.
Debatın moderatoru, tanınmış politoloq Aydos Sarım bildirib ki, Azərbaycanın bu ölkədəki səfirinin iştirakı ilə təşkil edilən müzakirələrdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi barədə məlumatları dəqiq və etibarlı mənbədən əldə etmək, münaqişədə maraqlı olan üçüncü ölkə KİV-lərinin Qazaxıstan ictimaiyyətini təhrif olunmuş informasiyalarla yanlış yönləndirməsinin qarşısını almaqdır.
Səfir Rəşad Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti və inkişaf istiqamətləri barədə məlumat verib. Səfir bildirib ki, hazırda Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün müharibə aparmaqla yanaşı, düşmənin və münaqişədə maraqlı olan qüvvələrin dezinformasiya siyasətinə qarşı da informasiya cəbhəsində mübarizəsini davam etdirir.
Siyasi Tədqiqatlar Assosiasiyasının prezidenti Esenjol Aliyarov, Avrasiya Tədqiqatları İnstitutunun direktoru Vakur Sümer, Kazbek Beysbayev, İslam Kurayev, Rasul Jumalı, Asxat Kesenqaliyev, Dauren Aben, Erkin Baydarov, Kuanış Bilal, Nurgeldi Usbonov, Çingiz Aynabekov, Serik Malaev, Ruslan Axmaqanbetov, Aydar Amrebaev, digər politoloq, jurnalist və sosial media fəalları münaqişə bölgəsindəki vəziyyətlə bağlı fikirlərini bölüşüblər.
Debat çərçivəsində ekspertlər onları maraqlandıran suallara cavab tapıb və Ermənistanın qeyri-insani addımlarını qınadıqlarını bildiriblər.
Çıxış edənlər vurğulayıblar ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumlarına ən sərt şəkildə reaksiya verməlidir. Günahsız uşaqların, yaşlı insanların, qadınların öldürülməsinə susanlar barbar davranışı qəbul etməklə bu cinayətin bir hissəsinə çevrilirlər.
Qeyd edək ki, analoji debatlar yaxın günlərdə Qazaxıstan paytaxtı Nur-Sultanda da keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan