“Qəbələ” klubu Antalyada yeddi yoxlama oyunun qüvvəsini sınayacaq
Bakı, 16 dekabr, AZƏRTAC
“Qəbələ” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci yarısına Antalyada hazırlaşacaq. Komandamızın qonşu ölkədəki hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ 2018-ci il yanvarın 5-dən 17-dək davam edəcək. “Qəbələ” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Baş məşqçi Roman Qriqorçukun yetirmələri yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor”, bir həftə sonra isə İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq. Daha bir matç yanvarın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib.
Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxılacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. “Qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə “Qəbələ” daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, üç gün sonra Rusiyanın “Arsenal” (Tula), yanvarın 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək komandamız fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə qarşılaşmada qüvvəsinə sınayacaq.