Qəbələdə 28 kilometrlik avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Qəbələ rayonunda uzunluğu 28 kilometr olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolu yenidən qurulub. Sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamı hesab olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, IV texniki dərəcəyə uyğun yenidən qurulan Əmirvan-Vəndam yolunun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılıb. Bunun üçün yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yatağı avtoqreyderlə profilə salınıb. Tikintinin əhatə edəcəyi sahə 250 min kvadratmetrdən çoxdur.
Yolboyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi işləri aparılıb. Həmçinin bir mövcud körpünün də əsaslı şəkildə təmiri yerinə yetirilib. Layihəyə uyğun olaraq daha sonra lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb, yol birləşmələri təmir edilib, çiyin hissələr də lazımi materiallarla təmir edilərək bərkidilib.
Yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə başlanılıb. Belə ki, yolun təqribən 160 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 santimetr hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqlarının, yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri görülüb.
Avtomobil yolu ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yoluna birləşməklə iki respublika əhəmiyyətli yol arasında əlaqələndirici funksiyanı daşıyacaq. Sözügedən marşrutlar üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu Qaraməryəm-İsmayıllı-Şəki və Ağdaş-Zarağan avtomobil yollarına rahat çıxışı təmin edəcək. Bu isə öz növbəsində həm yolun əhatə etdiyi yaşayış məntəqələrində yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edən qonaqların Qəbələ şəhərinə daxil olmadan hərəkətlərinə davam etmək imkanı yaradacaq.
Bundan başqa, Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına, həmçinin əraziboyu turizm imkanlarının genişlənməsinə, yeni turizm marşrutlarının yaradılmasına və bununla da bölgədə turizmin inkişafına gətirib çıxaracaq.