QƏBƏLƏDƏ İDMANIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Son illər respublikamızın bütün bölgələrində olduğu kimi, Qəbələ rayonunda da idmanın inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Qəbələdə voleybol, futbol, ağır atletika, taekvondo, universal döyüş, atletika, nərd, şahmat, dama, stolüstü tennis üzrə idmançılar yetişdirilir. Qəbələli idmançılar dəfələrlə yerli və beynəlxalq yarışlarda mükafatlar qazanmışlar. Həmçinin, Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Qəbələdə həyata keçirilən tədbirlər də ürəkaçandır. Ölkə futbol çempionatının güclülər dəstəsində uğurla çıxış edən “Qəbələ” futbol klubunun nəzdində yeniyetmə və uşaqlardan ibarət iki komanda yaradılmışdır. “Qəbələ” klubunun rəhbərliyi rayonda uşaq futbolunun inkişafına böyük önəm verir və balaca istedadların peşəkar futbola hazırlanmasına hər cür kömək göstərir.
Hazırda Qəbələ şəhər stadionunda əsaslı təmir işləri aparılır. Bununla yanaşı, stadionun ətrafında yardımçı futbol meydançasının tikintisinə başlanılmışdır. Bundan əlavə, hazırda Qəbələ şəhərində Olimpiya-İdman Kompleksinin tikilməsi yerli idmançıların daha çox sevincinə səbəb olmuşdur. Bu idman bazası gələn il istifadəyə veriləcəkdir.
Eyni zamanda, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi də diqqət mərkəzindədir. Bununla bağlı hər il Qəbələnin məktəbliləri arasında “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman oyunları, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birincilikləri keçirilir. Qalib komanda rayonu respublika birinciliyində təmsil edir.