Qəbələdə Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinin üzvlərinə medallar təqdim edilib
Qəbələ, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan hərbçilərə və şəhidlərin ailə üzvlərinə medallar təqdim edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, medalların təqdim edilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində keçirilən mərasimdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.
Müharibə iştirakçıları və şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.