Qəbələdə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi nəzarətdə saxlanılır
Qəbələ, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tövsiyələrinin yerinə yetirilməsinə, həmçinin xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə ciddi nəzarət olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi tərəfindən şəhər ərazisində, apteklərdə, ticarət obyektlərində, ərzaq mağazalarında keçirilən növbəti nəzarət tədbirləri, müşahidə reydləri zamanı sahibkarlıq subyektlərinin rəhbərləri, satıcı və alıcılarla, sakinlərlə karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dair profilaktik və maarifləndirici söhbətlər aparılıb, onlara evdə qalmaq, ciddi zərurət yaranmadıqda küçəyə çıxmamaq, koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirmək tövsiyə olunub.