Qədim insanların məskunlaşdığı mağarada tədqiqat aparılır
Ordubad, 18 iyun, AZƏRTAC
Naxçıvanda Qədim daş dövrünə aid olan abidələrdən biri olan Ordubad rayonu ərazisindəki Kilid mağarasında tədqiqat işləri uğurla davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Kilid mağarası Ordubad rayonunun eyni adlı kəndi ərazisindədir. Kilid ətrafında bir neçə mağara mövcuddur. Burada hələ daş dövründə insanların yaşaması ilə bağlı maraqlı faktlar aşkar olunub. Kilid mağarası kimi qeydə alınan və tədqiqata cəlb edilən ən böyük mağaranın uzunluğu 24 metrdir. Təbii şəkildə olan mağara sağ və sola 2 istiqamətdə ayrılır.
Mağarada aşkar edilmiş mədəni təbəqə hələ Neolit dövründə burada qədim insanların məskunlaşdığını göstərir. Arxeoloqlar mağarada əmək alətlərinin olduğunu güman edirlər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar edilən Qazma və Daşqala mağaraları da daş dövrünə aid edilən insan məskənlərindəndir. Qazma mağarası nəinki Azərbaycanda, hətta Qafqazda ən qədim insan məskəni kimi məşhurlaşıb.