Qəfləti ekzantemanın əlamətləri və müalicəsi
Bakı, 7 fevral, AZƏRTAC
Qəfləti ekzantema erkən yaşlı uşaqlarda yerli əlamətlər olmadan başlayan yüksək qızdırma və məxmərəyəbənzər səpgilərlə müşayiət olunan kəskin virus infeksiyasıdır. Adətən 6-24, xüsusilə də 9-12 aylıq körpələrdə müşahidə olunur, nadir hallarda yuxarı yaşlı uşaqlarda və yeniyetmələrdə də rast gəlinir.
Mərkəzi Gömrük Hospitalının həkim- pediatrı Təranə Göyüşovanın bu barədə AZƏRTAC-a verdiyi məlumata görə, qəfləti ekzantemaya bəzən körpə rezeolası, yalançı məxmərək, altıncı xəstəlik və ya üçgünlük qızdırma da deyilir. Dəri səpgiləri qızdırmadan sonra qəfil əmələ gəldiyinə görə xəstəliyi çox vaxt qəfləti ekzantema adlandırırlar. Məlum olduğu kimi, uşaqlarda səpgi ilə müşayiət olunan qızılca, məxmərək skarlatina, infeksion eritrema və su çiçəyi kimi xəstəliklər var. Qəfləti ekzantemanı altıncı herpes virusları törətdiyinə və altı gün davam etdiyinə görə omu “altıncı xəstəlik” kimi də tanıyırlar.
Həkim-pediatr deyib: “Xəstəliyin inkubasion dövrü 9-10 gün davam edir. Əlamət və simptomları xəstənin yaşından asılı olaraq dəyişir. Azyaşlı uşaqlarda xəstəlik bədən hərarətinin yüksəlməsi, boyun və ənsə ətrafında düyünlərin böyüməsi, zökəm, konyuktivada və göz qapaqlarında qızartı, şişkinlik, diareya, dilçək və yumşaq damaqda xırda makuloparilyoz səpgi əlamətləri ilə başlayır. Hərarətin 39-41 dərəcəyə qədər yüksəlməsinə baxmayaraq uşaqlar aktiv olur. Adətən temperatur xəstəliyin dördüncü günü azalır və onun enməsi ilə dəri səthində səpgilər əmələ gəlir. Üzərinə təzyiq ediləndə solğunlaşan çəhrayı rəngli səpgilərin ölçüsü 2-3 millimetrdən artıq olmur. Qısa müddətdə boyun və üz nahiyəsində, aşağı və yuxarı ətraflarda səpgilər əmələ gəlir, qaşınma vermir. Nadir hallarda sulanır, yoluxucu olmur, 1-3 gün ərzində iz qoymadan keçib gedir. Xəstəliyin izsiz ötüb keçməsinə baxmayaraq, virusun DNT-si uzun müddət özünü büruzə vermədən qan, ağız suyu və onurğa beyni mayesində saxlanılır. Uşağın gələcək inkişafında immun sisteminin zəifləməsi ilə müşayiət olunan hallarda herpes virusları aktivləşərək badamcıqların iltihabi xəstəliklərinə və mononukleoza səbəb ola bilər.
Onu bəzən qızılca və məxmərək kimi səpgili xəstəliklərlə səhv salırlar. Qızılcadan fərqli olaraq səpgilər mərhələli olmur, qızdırma düşən zaman qəfildən orqanizmin səthi eyni vaxtda başdan-ayağa səpir, qızılcada yanağın içəri səthində üzəri ağ, qırmızı haşiyəli ləkələr olur. Məxmərəkdə səpgilər qızdırmanın ilk günündə əmələ gəlir, əsasən, ətraflarda lokalizasiya olunur”.
Onun dediyinə görə, xəstəlik adətən hospitalizasiya edilmədən sağalsa da, müəyyən qədər qıcolma və orta qulağın iltihabı ehtimalı olur. Nadir hallarda meningit, ensefalit, sepsis müşahidə olunur və həmin əlamətlərə adətən 12-15 aylıq uşaqlarda daha çox rast gəlinir: “Xəstəliyin gedişi ciddi müalicə tələb etməsə də, febril qıcolmaların qarşısını almaq üçün qızdırmalı dövrdə temperatura nəzarət etmək vacibdir. Xəstəlik zamanı uşağa istirahət verilməli, bol miqdarda maye, ana südü və ya formula südü (qarışıq) içizdirilməlidir, yüksək qızdırma zamanı yataq rejiminə keçilməli, qızdırmasalıcı preparatlardan istifadə edilməlidir. Evdə otaq havasını dəyişməklə bərabər nəmləşdirmək və qida rejiminə əməl etmək lazımdır”.