Qəhrəmanlığa və Qələbənin rəmzinə çevrilən Şuşa

Bakı, 7 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilən “Tarixin, mədəniyyətin, qəhrəmanlığın, Zəfərin simvolu - Şuşa!” mövzusunda dəyirmi masa keçirilib. Mingəçevir Tarix Muzeyində təşkil edilən dəyirmi masada MDU-nun Təhsil fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova mədəniyyətimizin beşiyi və Qarabağın incisi Şuşanın işğaldan azad edilməsinin tarixi Zəfərin qazanılması ilə yanaşı, Azərbaycanın bu qədim şəhərini həm də qəhrəmanlığın və qələbənin rəmzinə çevirdiyini söyləyib. Qeyd olunub ki, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsi bir daha doğma yurdun tarixi, mədəni və strateji əhəmiyyətindən xəbər verir, şəhərin sürətlə dirçəldilməsinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. “Şuşa İli” çərçivəsində MDU-da çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran E.Cəfərova Şuşanın əsrarəngiz təbiətinin, zəngin tarixi və mədəni irsinin tanıdılması və gənc nəsil arasında təbliğinin vacibliyindən bəhs edib.
Sonra MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirovanın moderatorluğu ilə məruzələr dinlənilib. Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.