Qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə treninq keçirilir
Bakı, 5 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İSO 50001:2018 - Enerji idarəetmə sistemi standartlarının tətbiqinə dair növbəti treninqə başlanılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, treninq ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə həyata keçirilir. Beş gün davam edəcək təlimin məruzəçiləri Türk Standartları İnstitutunun (TSE) Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğlu və TSE-nin elektron mühəndisi Ömər Gündür.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və TSE-nin ölkəmizdəki nümayəndəlikləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən treninqlərdə Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri, həmçinin sənaye parkında fəaliyyət göstərən rezidentlər və özəl sektor nümayəndələri iştirak edirlər.
Bununla bağlı keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev keçirilən treninqin yanvarda baş tutmuş treninqin davamı olduğunu, İSO 50001:2018 - Enerji idarəetmə sistemi Beynəlxalq standartlar üzrə təlimin Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri, rezidentləri, eləcə də özəl sektor üçün faydalı olacağını vurğulayıb.
TİKA-nın baş koordinatorunun köməkçisi Ersin Çopur və TSE-nin Azərbaycan üzrə təmsilçisi G.Yüzeroğlu İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlığın, keçirilən təlimlərin əhəmiyyətini qeyd ediblər.
İSO 9001:2015 Keyfiyyəti idarəetmə sistemi standartlarının tətbiqi istiqamətləri üzrə treninq yanvarda keçirilib.