Qərb Universitetində Kuba mədəniyyətinə həsr olunmuş beynəlxalq kulturoloji seminar keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 2-də Qərb Universitetində “Kuba mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusunda kulturoloji seminar keçirilmişdir. Seminarı “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyəti Qərb Universiteti ilə birlikdə təşkil etmişlər.
AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə alim-kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov açaraq Kuba Respublikasının Azərbaycan Respublikasındakı səfiri Omar Senon Medina Kenteronu, Çin səfirliyinin nümayəndələrini, bütün qonaqları və iştirakçıları salamlamış, seminarın proqramı haqqında qısa məlumat vermişdir.
Sonra professor Fuad Məmmədov Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kenteroya Azərbaycan-Kuba mədəni əlaqələrin inkişafındakı xidmətlərinə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası ilə mədəni əməkdaşlığa görə “Simurq” AMA-nın Fəxri üzv diplomunu təqdim etmişdir. Bakı Dövlət Universitetinin professoru Fərman İsmayılov 75-illik yubileyi, Xalq Artisti, tanınmış aktyor və rejissor, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Ramiz Əzizbəyli Azərbaycanda ruhi - əqli və mənəvi mədəniyyətin, fəlsəfə elminin, kulturoloji maarifçiliyin, kino sənətinin inkişafındakı xidmətlərinə görə və 65 illik yubileyi ilə əlaqədar “Simurq” beynəlxalq medalı ilə təltif olunmuşlar.
Görkəmli iqtisadçı-alim, Beynəlxalq İnformasiya Akademiyasının və Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Ramiz İsgəndərova 60 illik yubileyi münasibəti ilə xüsusi “Təbriknamə” təqdim edilmişdir.
Daha sonra məruzələr dinlənilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov “Kuba mədəniyyətinin tarixinə kulturoloji baxış” adlı məruzə ilə çıxış etmişdir.
Kubanın Azərbaycandakı səfiri O.S.Medinanın “Kuba mədəniyyəti: dünən, bu gün və sabah” adlı məruzəsi dinlənilmişdir. Məruzə ilə yanaşı Kuba mədəniyyətinin inkişaf tarixi haqqında slayd-film nümayiş olunmuşdur.
Sonra “Simurq” AMA-nın beynəlxalq münasibətlər departamentinin rəhbəri Tamerlan Dəmirbəyli tərəfindən hazırlanmış və Kuba mədəniyyətinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.
Qərb Universitetinin müəllimləri Reyhan Hüseynova “Azərbaycan-Kuba mədəni əlaqələrinin tarixindən” mövzusunda və Mübariz Məmmədli “Kuba ədəbiyyatının inkişaf dövrləri” adlı məruzələrlə çıxış etmişlər.
Daha sonra Raifə Sərxanqızı Kubaya həsr etdiyi şerini oxumuşdur. İstedadlı caz ifaçısı Leyla Nəzərli Azərbaycan və xarici bəstəkarların əsərlərindən və xalq mahnısından ibarət kompozisiyaları pianoda yüksək peşəkarlıqla ifa etmişdir.
Tədbirə “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov yekun vurmuşdur.