QƏRB VƏ İSLAM DÜNYASININ SİVİLİZASİYALARARASI MÜNAQİŞƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR
İclasın sonunda islama nifrəti pisləyən Kazan bəyannaməsi qəbul edilmişdir. İslam dövlətlərinin nümayəndələri Qərbin apardığı siyasəti yeni müstəmləkəçilik kimi səciyyələndirmişlər.
Lakin bəyannamədə əksini tapmayan daha sərt fikirlər də səslənmişdir. İslam ölkələrinin nümayəndələri Qərb sivilizasiyasının ünvanına iradlarını bildirərək vurğulamışlar ki, bu sivilizasiya ikili standartlar, yeni müstəmləkəçilik və hərbi münaqişələri qızışdırıb genişləndirmək siyasəti aparır.
Tatarıstan Prezidenti Mintimer Şaymiyev çıxışında demişdir ki, “liberal dəyərləri avtomobil kimi ixrac etmək olmaz. Müasir dünya dəyərlərin yeni sisteminə möhtacdır. Bu sistem nə liberal ola bilər, nə də islami”. Onun fikrincə, “bir çox islam ölkələrinin Qərbdən geri qalması Quranın səthi şəkildə şərhinin nəticəsidir”.
Əlcəzairin sabiq Baş naziri Belaid Əbdüssəlam qeyd etmişdir ki, “bəzən xalqların ümidsizlik ucbatından atdığı addımları terrorizm kimi qələmə verirlər”. O, Birləşmiş Ştatlarda 2001-ci il 11 sentyabr terror aktlarını “müsəlmanlara qarşı yönəldilmiş çox böyük əməliyyatın bir hissəsi” kimi qiymətləndirmişdir.
Rusiya Ticarət-Sənaye Palatasının prezidenti, tanınmış şərqşünas Yevgeni Primakov belə bir halı “obyektiv fakt” adlandırmışdır ki, “terror aktlarını, əsasən, islam libasına bürünənlər törədirlər”. O, ABŞ Prezidenti Corc Buşun “islam faşizmi” ilə mübarizəyə başlamaq çağırışını kəskin surətdə pisləmiş və “islam faşizmi” deyilən təzahürün olmadığını söyləmişdir. Primakov İsrail ilə Fələstin arasında münaqişəni “iki dinin deyil, iki millətçiliyin toqquşması” kimi qiymətləndirmiş və İranın uranı saflaşdırmağı dayandırmaqdan imtina etməsində islam hədə-qorxusu görmədiyini nəzərə çarpdırmışdır. O, terrorçuların təyyarələri Atlantik okeanı üzərində partlatmaq istədikləri barədə bu yaxınlarda yayılmış xəbərlərdən danışaraq demişdir: “Bunu islamla heç bir əlaqəsi olmayan tör-töküntülər, cinayətkarlar etmək istəyirdilər”.
İslam insanın mənəvi-əxlaqi pozğunluğuna, alkoqolizmə və azad dünyanın əxlaqsızlığına qarşı çıxış edir.
Xatırladaq ki, “Rusiya - İslam dünyası” strateji baxış qrupu məşvərətçi orqandır və Rusiya ilə islam ölkələri arasında bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaradılmışdır.