“QƏRBİ AVROPA BU REGİONA LAZIMİ DİQQƏT YETİRMƏMİŞDİR”
BU, AŞPA MƏRUZƏÇİSİ TERRİ DEVİSİN ETİRAFIDIR
Səməd Seyidov qonağı səmimi salamlayaraq dedi ki, bu səfər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və ən ağrılı bir vaxta - Xocalı faciəsinin ildönümünə təsadüf edir. Bilirsiniz ki, Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsində ermənilərin törətdikləri ən qanlı faciələrdən biridir. Biz istəyirik ki, bu faciə dünya ictimaiyyətinə incəliklərinə qədər çatdırılsın. Eyni zamanda çalışırıq ki, münaqişə tezliklə həll olunsun. Bu mənada məsələnin Avropa Şurasının gündəliyinə salınması və gələcəkdə müzakirəyə çıxarılması böyük əhəmiyyətə malikdir və bizi sevindirir. Azərbaycan parlament nümayəndə heyəti çalışır ki, sizin məruzənizdə lazımi obyektivlik təmin olunsun. Daha bir vacib məsələ sizin hazırlayacağınız sənəddə Azərbaycanın regiondakı vəziyyətinin olduğu kimi əks edilməsidir. Ümid edirik ki, məruzədə vəziyyət olduğu kimi, doğru-düzgün və dolğun əks olunacaq, əsl həqiqət öz əksini tapacaqdır.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Terri Devis demişdir ki, bu, onun Azərbaycana ikinci səfəridir. Birinci səfər zamanı Prezident Heydər Əliyevlə görüşümdə münaqişə zonasına gedəcəyimə söz vermişdim. Ona görə də bu dəfə vəziyyətlə yaxından tanış oldum. Sizə bir şeyi söz verə bilərəm ki, məruzəmin obyektiv müzakirə olunmasına çalışacağam.
Terri Devis onu da vurğulamışdır ki, Bakıya prezident seçkilərindən qabaq gələ bilməzdi. Ona görə ki, bəzi siyasi qüvvələr bundan vasitə kimi istifadə edərdilər. Qonaq sözünə davam edərək demişdir: “Təəssüf ki, Qərbi Avropa bu regiona lazımi diqqət yetirməmişdir. Bu günə qədər münaqişənin nəticələrinə layiqli qiymət verməyiblər, onun tezliklə həllinə çalışmayıblar. Münaqişənin təcili həllinə öz töhfəmi verəcəyimə əmin ola bilərsiniz”.