QƏRBİ AZƏRİ PLATFORMASINDAN NEFT HASİLATINA BAŞLANMIŞDIR
Bakıdan 100 kilometr şərqdə, dənizin təxminən 118 metr dərinliyində yerləşən Qərbi Azəri yatağından ilk neftin çıxarılmasına dekabrın 30-da başlanılmış, hasil edilən neft sualtı boru kəməri vasitəsilə yanvarın 4-də Səngəçal terminalına çatmışdır.
Yataqda indiyədək üç öncəqazma quyusu qazılmışdır. Hələlik bir quyudan neft çıxarılır. 2006-ci il ərzində digər quyular istismara verildikcə hasilat artacaqdır. Bu il platformadan yeni qazma işlərinə də başlanacaqdır. Ən yüksək hasilat zamanı Qərbi Azəridən gündə 300 min barrel neft çıxarılacaqdır. Mərkəzi Azəridən isə hazırda gündəlik hasilat 340 min barreldir.
bp-nin Azərbaycandakı baş təmsilçi prezidenti Devid Vudvord bu işdə əməyi olan hər kəsi böyük nailiyyət münasibətilə təbrik edərək demişdir ki, bu hadisə 2008-ci ilədək proqnozlaşdırılan öhdəliyin ardıcıl yerinə yetirilməsi deməkdir. Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri bu ilin yazında tam istismara veriləndən sonra kəmərə vurulacaq AÇG neftinin sürətlə artmasında Qərbi Azərinin böyük rolu olacaqdır.
Qərbi Azəridən ilk neft nəzərdə tutulduğundan dörd ay əvvəl çıxarılmışdır. Bu uğur AÇG layihə və əməliyyatlar üzrə podratçı qrupların uzun illər Xəzər dənizində planlaşdırma, tikinti və istismar əməliyyatları sahəsində qazandıqları təcrübə əsasında, on mindən artıq Azərbaycan vətəndaşının gərgin əməyi sayəsində qazanılmışdır.
Qərbi Azəridən çıxan neft Səngəçal terminalına 30 düymlük yeni sualtı boru kəməri ilə nəql olunacaqdır.
Buradan hasil edilən səmt qazı sualtı qaz kəmərləri ilə Mərkəzi Azəridə quraşdırılmış Kompressor və Suvurma Platformasına nəql ediləcək və yanacaq kimi istifadə olunacaqdır. Səmt qazının artıq qalan hissəsi mövcud sualtı qaz boru kəməri ilə Səngəçal terminalına, oradan isə ölkə daxilində istifadə üçün “Azəriqaz” sisteminə vurulacaqdır.