İQTİSADİYYAT
Qeyri-neft-qaz sektorunda əmək müqavilələrinin sayı 291 mindən çox artıb
![Qeyri-neft-qaz sektorunda əmək müqavilələrinin sayı 291 mindən çox artıb](/files/2023/1/1200x630/16760272131800354355_1200x630.jpg)
Bakı, 10 fevral, AZƏRTAC
Qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayında ötən il ərzində 58 mindən çox artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, əmək bazarının “ağardılması” məqsədilə əməkhaqları üzrə 2019-cu ilin əvvəlindən tətbiq olunan vergi güzəştləri sayəsində qeyri-neft-qaz sektorunda əmək müqavilələrinin sayı 291 mindən çox artıb ki, bu da islahatın ortamüddətli dövrdə səmərəliliyinə dəlalət edir. Əmək müqavilələrinin sayının artımının təsiri ilə əməkhaqqı fondunun böyüməsi sosial sığorta haqlarının yığım bazasının genişlənməsinə səbəb olur və nəticədə Dövlət Sosial Müdafiə Fondunun büdcədən maliyyə asılılığı azalır. Əgər 2018-ci ildə fondun gəlirlərində büdcədən transfertin xüsusi çəkisi 36 faizə yaxın idisə, 2022-ci ildə bu göstərici 20 faizdən də aşağı enib.
O.Nəzərli, həmçinin qeyd edib ki, “İnternet Vergi İdarəsinin yeni e-portal layihəsi çərçivəsində bəzi yeni xidmətlərin tətbiqi planlaşdırılır. Bu da vergiödəyiciləri üçün böyük fayda gətirəcək, könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.