CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvanda vətəndaşları qəbul edib





Bakı, 22 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin göstərişinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu həyata keçirirlər. Tərtib edilən cədvələ müvafiq olaraq Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 22-də Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhəri, Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şahbuz və Şərur rayonundan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl agentliyin sədri Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib və onların bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.