Qidaya yararsız at ətini satan Cəlilabad rayon sakini saxlanılıb - birgə əməliyyat VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız və ölü at ətinin mal əti adı altında satışını təşkil edən Səbuhi Abbasov saxlanılıb.
Araşdırmalarla müəyyənləşdirilib ki, həmin şəxs Cəlilabad və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
DİN və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Səbuhi Abbasovun Cəlilabad rayonunun Maşlıq kəndindəki həyətyanı sahəyə və saxlanc yerinə baxış keçirərkən qidaya yararsız 2 tondan çox at əti maddi sübut kimi götürülüb.
Təyin olunmuş müvafiq ekspertizalar zamanı aşkarlanmış ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiqlənib.
Faktla bağlı araşdırmalar davam etdirilir.