QIRĞIZISTANDA MOK SƏDRİ VƏZİFƏSİNƏ NAMİZƏD ÖLDÜRÜLMÜŞDÜR
Raatbek Sanatbayev Qırğızıstan Olimpiya Hazırlığı Mərkəzinə başçılıq edirdi, Olimpiya oyunlarının dəfələrlə mükafatçısı kimi, Sidney Olimpiadasının açılışında respublikanın bayrağını aparmaq şərəfinə layiq görülmüşdü.
Bir neçə gün əvvəl Qırğızıstan MOK-un baş katibi Alan Usenov bildirmişdi ki, MOK yaxın vaxtlarda Beynəlxalq Olimpiya Komitəsinin tərkibindən çıxarıla bilər. O, MOK-da artıq iki ildir davam edən qalmaqalla əlaqədar demişdir: “BOK dəfələrlə xəbərdarlıq etmişdir ki, MOK ətrafında hadisələrə son qoyulmasa, yaxşı idman ənənələri olan dövlət kimi biz nə Olimpiya oyunlarında, nə Asiya oyunlarında, nə də BOK-un himayəsi ilə keçirilən beynəlxalq yarışlarda iştirak edəcəyik”.
MOK-un baş katibi jurnalistlərə bildirmişdir ki, Qırğızıstan Olimpiya Komitəsinin sədri vəzifəsi uğrunda mübarizə çirkin metodlarla aparılır.
Ötən həftə Qırğızıstan Olimpiya Komitəsi Baş Assambleyasının qalmaqallı iclasında Otüstü Xokkey Federasiyasının başçısı Kadırbek Ataqarayev ürəktutmasından keçinmişdir.
MOK ətrafında qalmaqal sabiq Prezident Əsgər Akayevin böyük oğlu, idmandan tamam uzaq olan Aydarın MOK başçısı seçilməsi ilə əlaqədar başlanmışdır. Onun bu vəzifəyə təyin edilməsi ölkənin idman ictimaiyyətini hiddətləndirmişdir.
MOK-un sonrakı sədri, respublika parlamentinin deputatı Bayaman Erkinbayev keçən ilin payızında muzdlu qatil tərəfindən güllələnmişdir.
Hazırda Qırğızıstan MOK-un sədri vəzifəsinə 20-dək adam namizəddir.