Qış İdman Növləri Federasiyasının baş katibi: Bu qış mövsümünə fəal başlamışıq
Bakı, 10 fevral, AZƏRTAC
Qış İdman Növləri Federasiyası bu qış mövsümünə fəal başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri federasiyanın baş katibi Günel Bədəlova həvəskar xizəkçilər arasında “Heydər Əliyev Kuboku”nun açılışından sonra jurnalistlərə açıqlamasında deyib.
“Şahdağ” Turizm Mərkəzinin Beynəlxalq Xizək Federasiyası tərəfindən irimiqyaslı yarışların keçirilməsi üçün üç sertifikat aldığını bildirən G.Bədəlova deyib: “Bu sertifikat gələcəkdə Şahdağ Turizm Mərkəzində beynəlxalq yarışların və dünya çempionatlarının keçirilməsinə şərait yaradacaq. Həmçinin bunlar Azərbaycanda qış idman mədəniyyətinin yaranmasında kömək edəcək. Ötən il də fiqurlu konkisürmənin inkişafına başlamışıq. Artıq Bakıda “Buz Arena”sı da fəaliyyətə başlayıb”.
Baş katib yerli idmançılardan Səbinə Əliyevanın Türkiyədə keçirilən yarışda ikinci yerə layiq görüldüyünü diqqətə çatdırıb: “İdmançımız bu nəticə ilə dünya çempionatına vəsiqə qazanıb. Viladimir Litvintsev martın sonunda Kanadada keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Artıq xizək alpinizmi üzrə yerli idmançılardan ibarət komanda formalaşdırmışıq. Yığma Türkiyənin Rizə şəhərində keçiriləcək turnirdə iştirak edəcək. Eləcə də yeniyetmə idmançılar Almaniyada təşkil olunacaq Dünya Kubokunda da qüvvələrini sınayacaqlar”.