Qış Olimpiya Oyunlarının məşəl estafeti üçün kahin və məşəlçilər təqdim edilib
Afina, 17 oktyabr, AZƏRTAC
Yunanıstan Milli Olimpiya Komitəsi Qədim Olimpiyada keçiriləcək ənənəvi alovlandırma mərasimində iştirak edəcək ali kahini və ölkə ərazisində məşəl estafetində iştirak edəcək məşəlçiləri təqdim edib. Olimpiya məşəlinin rəsmi alovlandırma mərasimi noyabrın 26-da baş tutacaq.
Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində Milan və Kortina d’Ampezzo şəhərlərində keçiriləcək. Afina Olimpiya Muzeyində təşkil olunan təqdimatda ali kahin rolunu yunan aktrisa Mari Mina ifa edəcək. O, günəş şüaları vasitəsilə parabolik güzgüdən istifadə edərək məşəli alovlandıracaq və xoreoqraf Artemis İqnatiu tərəfindən hazırlanan teatrlaşdırılmış mərasimi idarə edəcək.
Estafet 26 noyabrdan 4 dekabra qədər davam edəcək, 9 gün ərzində 2 200 kilometr məsafəni qət edərək 23 prefektura və 7 regiondan keçəcək. Bu müddətdə 36 rəsmi qarşılanma mərasimi keçiriləcək, təxminən 450 məşəlçi iştirak edəcək. Məşəl Pirqos, Amaliada, Kalavrita, Patra, Aqrinio, Karpenisi, Kalamabaka, Metsovo, Kozani, Kastoria, Florina, Naousa, Serre, Drama, Saloniki, Lamia, Arahova, Levadia və Afina şəhərlərindən keçəcək və dekabrın 4-də “Panatinaikos” stadionunda İtaliya təşkilat komitəsinə təhvil veriləcək.
İlk məşəlçi yunan xizəkçi Alexandros Ginnis olacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina