QMİ-nin sədr müavini: Ramazan orucunu sağlam insanlar tutmalıdır VİDEO
Bakı, 17 fevral, AZƏRTAC
Ramazan orucunu sağlam insanlar tutmalıdır. Xəstələrə isə güzəşt edilir. Məsələn, şəkər və təzyiq xəstələri, mütəmadi qidalanmalı və ya dərman qəbul etməli olan şəxslər oruc tutmaya bilərlər. Eyni zamanda, səfərdə olan şəxslərə də güzəşt var. Qısamüddətli səfərə çıxanlar sonradan həmin günlərin qəzasını tuturlar. Daim səfərdə olanlar isə imkan və şərait daxilində orucu davam etdirə bilərlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev deyib.
Ramazanın ən böyük mənəvi dəyərlərindən birinin də birlik rəmzi olduğunu diqqətə çatdıran F.Nurullayev deyib: “Bu ay yoxsullara, xəstələrə, imkansızlara dəstək ayıdır. İftar süfrələri açmaq, ehtiyac sahiblərini həmin süfrələrə dəvət etmək böyük savabdır. Təkcə yaşadığımız şəhərdə deyil, dünyanın harasında ehtiyac varsa, imkan daxilində kömək etmək Ramazanın ruhuna uyğundur”.