Qobu və Saray qəsəbələrində yeni təcili tibbi yardım stansiyaları istifadəyə verilib
Bakı, 17 mart, AZƏRTAC
Əhalinin təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, çağırışlara daha operativ reaksiya verilməsi, xidmətin əhatə dairəsinin artırılması və əlçatanlığı istiqamətində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Son illər ərzində təcili tibbi yardım xidmətinin daha səmərəli təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində yeni stansiya və filialların yaradılması, mövcud briqadaların sayının artırılması, eləcə də texniki təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq, əhali sıxlığının artdığı və təcili tibbi yardım xidmətlərinə ehtiyacın yüksəldiyi ərazilərdə yeni stansiya, filial və bölmələrin yaradılması nəzərdən keçirilir. Bu ilin ötən dövrü ərzində artıq 2 filial istifadəyə verilib.
Artıq martın əvvəlindən Qaradağ Təcili Tibbi Yardım Stansiyasının 1 saylı bölməsinin Qobu filialı fəaliyyətə başlayıb. Həmin ərazidə əvvəllər təcili tibbi yardım stansiyasının olmadığına görə sakinlər çağırış verərkən operativ tibbi xidmətin göstərilməsi baxımından müəyyən çətinliklərlə üzləşirdilər. Filialın istifadəyə verilməsi ilə Qobu qəsəbəsi ilə yanaşı, ətraf ərazilərdə yaşayan vətəndaşlara da təcili tibbi yardım xidmətinin əlçatanlığı təmin olunub. Üç otaqdan ibarət olan filialda 1 tibbi briqada fəaliyyət göstərir. Bölməyə 1 ədəd yeni təcili tibbi yardım avtomobili təhkim olunub.
Eyni zamanda, Sumqayıt şəhərinin Saray qəsəbəsi ərazisində də yeni təcili tibbi yardım filialı fəaliyyətə başlayıb. Filialda fasiləsiz növbəli rejimdə fəaliyyət göstərən 1 briqada xidmət aparır. İki otaqdan ibarət olan filial 1 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub. Yeni filial Saray qəsəbəsi ilə yanaşı, Ceyranbatan qəsəbəsi sakinlərinə də xidmət göstərəcək. Həmin filial Saray Ailə Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bununla da Qaradağ rayonu və Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən təcili tibbi yardım stansiyalarının sayı 6-ya çatıb.
“Yeni stansiya və filialların fəaliyyətə başlaması həmin ərazilərdə yaşayan vətəndaşların təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, çağırışlara daha qısa müddətdə çatmağa şərait yaradacaq və tibbi yardımın vaxtında, keyfiyyətli şəkildə göstərilməsinə töhfə verəcək. Qeyd edək ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanıb”, - deyə məlumatda bildirilib.