Quba rayonunda Baş katiblər üçün təkmilləşdirmə kursu keçirilib
Bakı, 20 iyun, AZƏRTAC
Quba rayonunda 40-dan çox gənclər təşkilatının Baş katibləri (və ya ekvivalent şəxslər) üçün keçirilən təkmilləşdirmə kursu yekunlaşıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, proqrama uyğun olaraq ilk günündə layihə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirin açılış mərasimində ARGTMŞ-nin sədri Azər Əliyev çıxış edərək proqram haqqında məlumat verib. Sonra iştirakçıların şəbəkələşməsi üçün Şuranın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə keçirilən komanda quruculuğu oyunları və qrup işlərinin təqdimatı ilə gün yekunlaşıb.
Layihənin ikinci gününün ilk qonağı “Azərbaycan Beynəlxalq Bank”ın daxili kommunikasiya şöbəsinin müdiri Nurxan Babayev olub. “Motivasiya faktorlarının işçilərin iş performansına təsir və təhlili” mövzusunda keçirilən görüş interaktiv müzakirələr və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
Günün davamı olaraq Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru Vazeh Əsgərovla “İdarəçiliyin əsasları” mövzusunda case-study və Azərbaycanın birinci Baş naziri, diplomat Həsən Həsənovla “İdarəetmə və idarəçi anlayışı - İdarəçinin fəaliyyətlərinə təsir edən amillər” mövzusunda görüş keçirilib.
Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynovla keçirilən görüşlə ikinci günə yekun vurulub.
Qeyd edək ki, layihənin sonuncu günü təlimlər sessiyasına xüsusi yer verilib. İlk təlim “Oba Market” MMC-nin şöbə müdiri Vüsal Mahmudovun təqdimatında “İdarəetmədə keyfiyyət standartları” mövzusunda keçirilib. Sonra ADA Universitetinin dekanı Anar Vəliyevlə iki hissədən ibarət olan sessiya baş tutub. İlk sessiya “İdarəçilikdə məqsəd və hədəflərin planlaşdırılması”, ikinci sessiyada isə “Qərarvericilik prosesində təhlil və lobbiçilik” mövzusunda interaktiv müzakirələrlə yadda qalıb.
Günə, eyni zamanda, layihəyə Milli Məclisin deputatı Naqif Həmzəyevin iştirakı ilə keçirilən görüşlə yekunlaşıb.
Menecerlərin inkişaf proqramı çərçivəsində keçirilən layihə Gənclər Fondunun dəstəyi və Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə reallaşıb.