Qubada buraxılış imtahanlarında 1124 şagird biliyini sınayıb
Quba, 10 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Quba rayonundan 1124 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 6 mərkəzdə keçirilən imtahanlara 110 nəzarətçi müəllim, o cümlədən 16 imtahan rəhbəri cəlb olunub.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Bu gün Quba ilə yanaşı, Bakı şəhərinin Nizami, Səbail, Suraxanı rayonlarında, Mingəçevir və Sumqayıt şəhərlərində, Ağcabədi, Balakən, Biləsuvar, Cəlilabad, İmişli, İsmayıllı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.