Qubada keçirilən regional seminarda Şimal Bölgəsi üzrə Destinasiya Menecmenti Planı nəzərdən keçirilib
Bakı, 31 avqust, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının (UNDP-Azerbaijan) “Azərbaycanda Dayanıqlı Turizmə Dəstək” layihəsi çərçivəsində Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) Regional qrupları üçün bir sıra rayonlarda seminarlar təşkil olunub.
AZƏRTAC BMT-nin İnkişaf Proqramının məlumatına istinadla xəbər verir ki, Qubada keçirilən regional seminarda Şimal Bölgəsi üzrə Destinasiya Menecmenti Planı (DMP) nəzərdən keçirilib və bu fəaliyyət planında təklif olunan layihələrə dair rəylər toplanılıb.
Seminar zamanı layihənin turizm diaqnostik təhlilinin nəticələri də paylaşılıb. Tədbirdə Şimal Regionu üçün DMP-nin təkmilləşdirilməsi və yekunlaşdırılması, onun yerli icmaların ehtiyac və istəkləri ilə uyğunlaşdırılması üçün əhəmiyyətli nəticə əldə olunub.
Seminarda Quba Rayon İcra Hakimiyyəti, Quba Bələdiyyəsi, Qusar Rayon İcra Hakimiyyəti, Qusar Bələdiyyəsi, İqtisadiyyat Nazirliyinin Regional bölməsi, Mədəniyyət Nazirliyinin Regional bölməsinin nümayəndələri ilə yanaşı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin filialı, KOBİA regional nümayəndəliyi, Regional Təhsil İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri, Şahdağ Milli Parkı və Samur-Yalama Milli Parkı geniş spektrli dövlət qurumlarının nümayəndələri də iştirak edib.