CƏMİYYƏT
Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib
Bakı, 4 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 4-də Quba şəhərində vətəndaşları qəbul edib.
Bu barədə AZƏRTAC Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.