QUBALILAR AZƏRBAYCAN PREZİDENTİNİNSƏFƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
Dövlətimizin başçısı şəhərin girəcəyində yerləşən “Azkon” müəssisəsi ilə tanış oldu. Burada respublikamızın rəhbərini böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar. Prezidentin xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Müəssisənin direktoru Habil Mirzəyev Azərbaycan rəhbərinə məlumat verdi ki, bir həftədir işə düşən və hələlik bir növbədə işləyən bu obyektdə 35 nəfər çalışır. Gələcəkdə iş yerlərinin sayını və iş rejimini artırmaq nəzərdə tutulmuşdur. Burada quraşdırılmış müasir avadanlığın köməyi ilə istehsal olunan qənnadı məhsulları yüksək standartlara cavab verir.
Dövlətimizin başçısı müəssisədə çalışanlarla görüşüb səmimi söhbət etdi, texnoloji avadanlığın, istehsal olunan məhsulların keyfiyyəti ilə maraqlandı, buraxılan qənnadı məhsullarının dadına baxdı, istehsalın daha da genişləndirilməsi ilə əlaqədar tövsiyələrini verdi.