Qurban Yetirmişli: İşğaldan azad olunmuş rayonlarımızda ən müasir seysmoloji stansiyaların yaradılması nəzərdə tutulur
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi “İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri” mövzusunda onlayn elmi-texniki konfransda iştirak edib.
RSXM-in İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın sədrliyi ilə keçirilən konfransda AMEA-nın akademik-katibi, akademik Adil Qəribov, universitetin əməkdaşları və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Konfransda professor Qurban Yetirmişli “Qarabağda su anbarları, filiz yataqları və dövlət əhəmiyyətli iri qurğular tikiləcək ərazilərdə ekoloji-seysmik risklərin kompleks geofiziki-seysmoloji üsullarla tədqiqi” mövzusunda məruzə edib. Baş direktor bildirib ki, Qarabağın işğalına qədər ərazinin seysmik şəraitinin öyrənilməsi, geoloji-tektonik quruluşunun dəqiqləşdirilməsi, burada dövlət əhəmiyyətli layihələrin seysmik davamlı olması və ərazidə baş verən zəlzələlərin tədqiqi RSXM-in əsas elmi istiqamətlərdən biri olub. İşğaldan əvvəl bu ərazilərdə RSXM-ə məxsus seysmik stansiyalar fəaliyyət göstərib, ərazinin seysmikliyi yaxından izlənilib. Həmin məlumatlar əsasında ərazinin seysmik aktivlik xəritələri də tərtib edilib. Eyni zamanda, ərazidə gərginliyin təsirindən geofiziki sahələrin dəyişməsi izlənilib.
İşğal dövründə RSXM-in Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında yerləşən seysmik stansiyalar işğalçılar tərəfindən dağıdılaraq, orada olan seysmoloji və geofiziki cihazlar talan edilib. Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəyib, ərazidə seysmik müşahidələr aparılmayıb. Artıq RSXM-də bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən quraşdırılmasına hazırlıqlar başlanıb.
Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir RSXM-in seysmik stansiyaları fəaliyyət göstərir. Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa işğaldan azad olunmuş rayonlarımızda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. Artıq RSXM-in 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınıb. Bundan başqa, Qarabağ ərazisində dövlət əhəmiyyətli iri qurğular, su anbarları, elektrik stansiyaları var. RSXM yaxın gələcəkdə bu qurğuların seysmik dayanıqlılığını öyrənməyi də planlaşdırır. RSXM, həmçinin yeni tikiləcək obyektlərin ərazilərinin seysmikliyinin təyinində, ekoloji layihələrin icrasında yaxından iştirak edəcək.
Qurban Yetirmişli konfrans iştirakçılarının diqqətinə regionun ən böyük real təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyası haqqında fikirlərini də çatdırıb. O bildirib ki, Ermənistan ərazisində Yerevan şəhərinin və “Metsamor” yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir. Bu qırılma zonasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. Bu isə “Metsamor”un seysmiklik baxımından çox təhlükəli ərazidə yerləşməsini və ehtimal edilən təhlükənin qaçılmaz olduğunu göstərir.
Daha sonra konfransda “Qarabağ memarlıq irsi - 30 illik əsirlikdən sonra”, “İşğaldan azad olunmuş ərazilərdə su resursları və hidrotexniki qurğular üçün yaranmış risklər”, “İşğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətləri” və s. mövzularda müzakirələr aparılıb.