Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar rabitəçi xocalılılarla görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində bu dəhşətli tarixi günlərdə Vətənin və xocalılıların müdafiəsi uğrunda rabitəçilərin qəhrəmanlığından söz açılıb. Qeyd olunub ki, onların bu fədakarlığı unudulmur və hər bir rabitəçi üçün böyük bir örnəkdir.
Çıxış edənlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini vurğulayıblar.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımında cinayətkar erməni qruplarının vəhşiliyi nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb.
Sonra 8 gün erməni terrorçularının əsarətində qalmış rabitəçi Dürdanə Ağayevanın müəllifliyi ilə Türkiyədə nəşr edilmiş “Ermeni zindanında sekiz gün” kitabının təqdimatı olub. Kitabdan söz açan müəllif erməni vəhşiliyinin iç üzünün açılması, dünyaya tanıdılması məqsədilə Azərbaycan xalqının başına gələn faciəni öz timsalında qələmə aldığını, bu nəşrin gələcək nəsillər üçün mənbə ola biləcəyini qeyd edib.
Tədbirdə qətliamın canlı şahidi olan digər rabitəçilər də soyqırımının acı nəticələrindən danışıblar.