Rəsmi Pekin Donald Trampın uyğur məsələsi ilə bağlı qanunu imzalamasına etirazını bildirib
Pekin, 18 iyun, AZƏRTAC
Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın "Uyğur insan hüquqları siyasəti aktı" adlı qanun layihəsini imzalamasına etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Donald Trampın imzalaması ilə qanun halına gələn sənədin Çinin Sincan Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı vəziyyəti qəsdən ləkələdiyi, rəsmi Pekinin muxtar rayon ilə bağlı dövlət siyasətinə qərəzli hücum etdiyi, beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları kobudcasına pozduğu, Çinin daxili işlərinə kobud müdaxilə etdiyi bildirilir.
Çin "Sincan məsələsi"nin insan hüquqları, etnik və dini məsələlərlə əlaqəli olmadığını, əslində zorakılıq, terrorizm və separatçılıqla mübarizə olduğunu bir daha bəyan edib.
Bəyanatda Sincanda terrorizm, separatizm və ekstremizmlə mübarizə üzrə səyləri görməzdən gələn qondarma "Uyğur insan hüquqları siyasəti aktı"nın doğru ilə yanlışların yerini dəyişdirdiyi, ikili standartlar tətbiq etdiyi vurğulanır.
Çin tərəfi xəbərdar edib ki, Sincan məsələsi Çinin tam daxili işidir və heç bir xarici müdaxilə yolverilməzidir. Çin hökuməti və xalqı milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını müdafiə etmək əzmindədir.
Pekin həmin qanundan Çinin daxili işlərinə müdaxilə kimi istifadə etməyi dayandırmağı tələb edib, əks halda cavab addımları atılacağını bildirib.
Qeyd edək ki, Prezident Donald Trampın iyunun 17-də imzaladığı həmin qanun Çin rəsmilərinin ABŞ-dakı bank hesablarının dondurulmasına və onların Birləşmiş Ştatlara səfər etməsinə qadağalar qoymaq imkanı verir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin