Respublika ərazisində ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisələri qeydə alınmışdır
Bakı, 7 may (AZƏRTAC). Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Göyçay rayonunun Müsgürlü kəndi ərazisində Ucar rayon sakini Sadiq Aslanov “Mercedes” markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış S.Aslanov və sərnişinləri Orxan İbrahimov və Əli Xankişiyev xəstəxanaya yerləşdirilmişlər. S.Aslanov və O.İbrahimovun həyatını xilas etmək mümkün olmamışdır. Ə.Xankişiyevin vəziyyəti isə orta-ağırdır.
Ağstafa rayonunun Qaçaq Kərəm kəndi ərazisində, kənd sakini Bəhram Həsənov idarə etdiyi “KamAZ” markalı avtomaşınla həmkəndlisi Cəvahir Vəliyevanı vurmuşdur. Nəticədə C.Vəliyeva hadisə yerində ölmüşdür.
Daha bir yol-nəqliyyat hadisəsi Ağcabədi şəhərində qeydə alınmışdır. Şəhər sakini Elnarə Quliyeva “Chevrolet-Niva” markalı avtomaşınla həmyerlisi Gilə Quliyevanı vurmuşdur. Nəticədə G.Quliyeva hadisə yerində ölmüşdür.
Qaradağ rayonu ərazisində isə iki yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Sahil qəsəbə sakini Vazeh Məmmədov “VAZ-2107” markalı avtomaşını yolun kənarındakı səddə vurmuşdur. Nəticədə xəsarət almış sərnişinləri Vədut Hüseynov, Arzu Əhmədova və 15 yaşlı Xanım Əhmədova xəstəxanaya yerləşdirilmişlər.
Bakı şəhər sakini Rəşad Xəlilov “AzSamand” markalı avtomaşınla Qobustan qəsəbə sakini Vyaçeslav Şərifovu vurmuşdur. Nəticədə V.Şərifov hadisə yerində ölmüşdür.
Faktlarla bağlı araşdırma aparılır.