Respublika Günü Sumqayıtda silsilə tədbirlərlə qeyd olunub
Sumqayıt, 28 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə 28 May-Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib.
İdarədən AZƏRTAC -a bildirilib ki, Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə 3 nömrəli orta məktəbdə təşkil edilən “Azadlığa gedən yol” adlı tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən, keçdiyi çətin və şərəfli yoldan, bu yolda olan uğur və nöqsanlardan söhbət açılıb. Sonda Mərkəzi kitabxananın baş biblioqrafı Nazxanım Cəfərova tədbir iştirakçılarına “İstiqlalımızın bayramı” adlı sərgi haqqında məlumat verib.
S. Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin 5 nömrəli orta məktəbdə keçirdiyi tədbirdə 28 May - Respublika Günü ilə əlaqədar məlumat verilib. Sonra şagirdlər Vətənə həsr edilmiş müxtəlif şeirlər və dahilərin azadlıq, istiqlal haqqında müdrik fikirlərini, kəlamlarını söyləyib, mahnı oxuyub, rəqs ediblər.
Tədbirdə kitab və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş etdirilib.
Mərkəzi Uşaq kitabxanasında “Cümhuriyyət qurucuları” adlı xatirə günü keçirilib. Tədbirdə Xalq Cümhuriyyətinin yaradılması, tarixi əhəmiyyəti və tarixi fəaliyyəti, həyata keçirilən tədbirlər, qəbul edilmiş qərarlar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli qurucuları haqqında məlumat verilib. Sonra oxucuların ifasında azadlığımıza, suverenliyimizə həsr olunmuş “Azadlığın mübarək” və “Möhtəşəm Azərbaycan” adlı bədii kompozisiyalar nümayiş olunub, “Cümhuriyyət nəğməsi” mahnısı dinlənilib. Sonda tədbir iştirakçıları “Azərbaycan Xalq Cümhuriyyəti - 101” adlı kitab sərgisi ilə tanış olublar.
Növbəti tədbir Nizami Gəncəvi adına Kitabxana Klubda “Milli dövlətçilik tariximiz” adlı oxucu konfransı olub. Tədbirdə AXC-nin yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib. Sonra mövzu ilə əlaqədar oxucuların fikirləri dinlənilib, mövzunu əhatə edən kitab sərgisi haqqında məlumat verilib.
Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verilib, vidoçarx nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər dinlənilib.
Bununla yanaşı Zəngilan rayon mədəniyyət işçiləri Sabirabad rayonun Rüstəmli və Güdəcühür qəsəbəsində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış massivlərində konsert proqramı ilə çıxış ediblər.
Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin təqdim etdiyi konsert proqramı da yaddaqalan olub.
Sonda 2018-2019 tədris ilində fərqlənən və keçirilən bütün tədbirlərdə fəal iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim olunub.