Respublika Günü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə Stokholmda rəsmi ziyafət verilib
Stokholm, 29 may, Rauf Əliyev, AZƏRTAC
28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmətinin100 illik yubileyi münasibətilə Azərbaycanın İsveçdəki səfirliyi Stokholmda təntənəli rəsmi ziyafət verib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İsveçin dövlət, parlament və hökumət nümayəndələri, Stokholmda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, İsveç ictimaiyyətinin nümayəndələri, tarixşünaslar, tədqiqatçılar, iş adamları, ziyalılar, habelə Azərbaycan və türk icmalarının nümayəndələri iştirak edib.
Azərbaycan və İsveç himnlərinin səslənməsi ilə başlayan ziyafətdə çıxış edən Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə qonaqları salamlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən ətraflı söz açıb.
G.Rüstəmzadə ölkəmizin milli dövlətçilik ənənəsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yeni dünyanın reallıqlarına uyğun yeni Azərbaycanın da yenidən qurulduğunu bildirib. “Bu gün də Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən yeni uğurlara imza atır”,- deyə G.Rüstəmzadə əlavə edib.
Sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan diplomat, münaqişə nəticəsində artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən işğal olunduğunu vurğulayıb, baş verən işğal faktı nəticəsində 1 milyona yaxın azərbaycanlının köçkün halına düşdüyünü bildirib.
Bugünkü tədbirdə Respublika Günü ilə yanaşı Azərbaycan diplomatik xidmətinin 100 illik yubileyinin də qeyd olunduğunu vurğulayan G.Rüstəmzadə 1919-cu il iyulun 9-da ölkəmizin nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etdiyini və bununla da Azərbaycan Demokratik Respublikasının ilk beynəlxalq tədbirə qatıldığını söyləyib. Sonradan ölkəmizin SSRİ-nin tərkibində olmasına baxmayaraq dövlətçilik ənənəsini itirmədiyini qeyd edən diplomat, ölkəmizin bugünkü uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra qonaqlara rəsmi ziyafət verilib. Tədbirdə Azərbaycanlı muğam triosu - xanəndə Hüseyn Məlikov, musiqiçilər Valeh Allahverdiyev və Xəyyam Məmmədovun təqdim etdiyi konsert proqramı iştirakçıların böyük marağına səbəb olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm