RESPUBLİKA SARAYINDA 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ GECƏ
Azərbaycanda tarixən qadına böyük hörmət və ehtiram bəslənilmiş, Ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Xalqımızın taleyində əhəmiyyətli rol oynamış müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artmış, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilmişdir.
Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər.
Azərbaycanın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyev qadınların bu xidmətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində əməyini yüksək qiymətləndirmiş, onlara daim böyük diqqət və qayğı göstərmişdir.
Martın 6-da Respublika sarayında Beynəlxalq qadınlar gününə həsr olunmuş təntənəli gecə keçirilmişdir.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva tədbiri açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxudu. Salona toplaşan qadınlar dövlətimizin başçısının bu yüksək diqqətini hərarətli alqışlarla qarşıladılar.
(Təbrikin mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının, gənc ifaçıların iştirakı ilə böyük bayram konserti oldu.
X X X
Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva, Baş nazirin müavini Elçin Əfəndiyev, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, parlamentin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirlərinin xanımları, paytaxt ictimaiyyətinin nümayəndələri gecədə iştirak edirdilər.