CƏMİYYƏT
Respublikanın baş onkoloqu: Gələcəkdə biz Türkdilli Ölkələrin Onkoloqlar Cəmiyyətinin yaradılmasını planlaşdırırıq
Bakı , 11 sentyabr, Əziz Məmmədov, AZƏRTAC
Türkiyə Tibbi Onkoloji Birliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkoloji Mərkəzinin (MOM) təşəbbüsü ilə Bakıda I Türkiyə-Azərbaycan Onkoloji Günləri keçirilir. Biz bu tədbiri keçirməyə çoxdan hazırlaşırdıq. Konqresin məqsədi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində ən aktual problemləri, habelə müasir onkologiya qarşısında duran vəzifələri müzakirə etməkdir. Bundan əlavə, gələcəkdə biz Türkdilli Ölkələrin Onkoloqlar Cəmiyyətinin yaradılmasını planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, Onkoloji günlərin işində iştirak edən Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu, Azərbaycan tərəfdən bu konqresin həmsədri Azad Kərimli bu sözləri jurnalistlərə müsahibəsində söyləyib.
A.Kərimli dünyada onkoloji xəstələrin sayının artması probleminə də toxunub. O deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərə tutulanların sayı artmaqdadır. Belə xəstələrin sayının artmasında əsas rol oynayan - ekologiya problemləri, qidalanma rejimi, qida məhsullarının tərkibi, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanmanın və radiasiyanın artması kimi amillərdir. Nəzərə almaq lazımdır ki, ətraf mühitin çirklənməsi həm onkoloji, həm də başqa xəstəliklərin yaranmasına səbəb olur”
Respublikanın baş onkoloqu jurnalistlərə müsahibəsində xəstələrə məsləhət görüb ki, onlar xəstəliyin başlanğıc mərhələsində həkimə müraciət etsinlər. Bu, xərçəng xəstəliyinin bəzi formalarının sağalması ehtimalını xeyli artırır. A.Kərimli deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzisinin xərçəngi, kişilər arasında isə ağciyər, traxeya və bronxların xərçəngi xəstəliklərinə çox rast gəlinir. Bu xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər keçirilməsini zəruri hesab edirəm. Qadınlara məsləhət görürəm ki, 30-35 yaşdan sonra mammoqrafiya kursu keçsinlər, çünki bu, süd vəzisinin xərçənginin aşkar edilməsi üçün ən müasir və ən dəqiq müayinə metodudur. Bu halda xəstəliklə mübarizədə bütün məsuliyyəti yalnız onkoloqların üzərinə qoymaq olmaz. Düzdür, son vaxtlar xərçəngə qarşı mübarizə üzrə maarifçilik işi yaxşılaşıb, amma bununla belə, bu işdə telekanallar daha fəal iştirak etməli, əhaliyə onkoloji xəstəliklər barədə daha geniş məlumat təqdim etməlidirlər. Biz rayonlara gedərkən orada qeyri-ordinar hallarla üzləşirik. İnsanlar bu xəstəliyin ən böhranlı həddə çatmasına qədər gözləyirlər. Mən belə adamları qınamıram, çünki bütün bunlar maariflənmə işinin lazımi səviyyədə olmamasının nəticəsidir”.
Azad Kərimli Azərbaycanda onkoloji xəstəliklərə qarşı mübarizə üçün görülən tədbirlər məsələsinə də toxunub. O, müsahibəsinin sonunda deyib: “Ölkəmizdə onkologiya və xərçəng xəstəliklərinin müalicəsi sahəsində ciddi işlər görülüb və bu işlər davam edir. Onkologiya sahəsində nəzərəçarpacaq uğurlar qazanmışıq. Bakıdakı Milli Onkologiya Mərkəzindən əlavə respublikanın regionlarında onkoloji dispanserlər də fəaliyyət göstərir. Bu mərkəzlər müasir avadanlıq və dərman preparatları ilə təmin olunub. Son illərdə Azərbaycanda həkimlərin gənc nəsli arasında onkologiya sahəsinin öyrənilməsinə, bu sahədə təcrübə qazanılmasına və öz biliklərinin təkmilləşdirilməsinə maraq artıb. Bu, bizi sevindirməyə bilməz”.