Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir VİDEO















İstanbul, 23 may, Günel Karatepe, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllim və rəssamlarının əsərləri İstanbulda keçirilən V Beynəlxalq Çağdaş Sənət Sərgisində nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, “ArtContact İstanbul” mövzusunda təşkil edilən tədbirdə dünyanın 42 ölkəsindən mindən artıq sənətçinin müxtəlif mövzu və üslublarda hazırlanan əsərləri sərgilənir.
Sərgidə ölkəmizdən Azərbaycan Rəssamlıq Akademiyası nəzdində Rəssamlıq Kollecinin direktoru Elşad Əhmədov, ADRA-nın müəllim-rəssam və heykəltaraşları Bəxtiyar Yusufov, Ramil Məmmədov, Rahib Qarayev, Jalə Əliyeva, Namiq Hüseynov, Fərhad Dadaşzadə, Nəzrin Xələfova və Fəxriyə Əliyeva kimi Azərbaycan Rəssamlar İttifaqının doqquz gənc rəssam və heykəltaraşının yağlı boya ilə çəkilmiş yetmişdən çox əsəri və xüsusi heykəlləri yer alır.
Bu il beşinci dəfə keçirilən sərgidə gənc rəssamlarımızın iştirakı Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Xarici Ölkələrdə Yaşayan Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayevin təşəbbüsü ilə həyata keçirilib.
Sərgidə eləcə də Türkiyədə fəaliyyət göstərən rəssamlarımızın Əhməd Rza, Tarıyel və Pərvanə Əlizadələr və Vaqif Zeyidquliyevin də əsərləri nümayiş etdirilir.
Bundan əlavə, Teymur Rzayevin təşəbbüsü ilə sərgi məkanında uzun illər Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı rəssam Ziyad Sultanovun xatirəsinə həsr edilən xüsusi stend yaradılıb. Sənətkarın vəfatının ildönümü ilə əlaqədar açılan stenddə onun əsərləri və portreti yerləşdirilib.
Sərgi ilə bağlı AZƏRTAC-a müsahibə verən “ArtContact İstanbul”un İdarə Heyətinin sədri Bilgin Aygül ötən beş il ərzində sərgini daha beynəlxalq və tanınan etmək üçün iştirakçılar, sənətçilər və kolleksiyaçılarla birlikdə böyük bir zəhmət, mübarizə sərf etdiklərini deyib.
İncəsənətin fərqli növlərini özündə əks etdirən sərgi çərçivəsində sənətkarların iştirakçılarla görüşləri və ustad dərsləri kimi müxtəlif tədbirlər də təşkil edilir.