RESTRUKTURİZASİYA TƏDBİRLƏRİ MÜƏSSİSƏLƏRİN YENİDƏN QURULMASINA VƏ YENİ İŞ YERLƏRİNİN YARADILMASINA İMKAN VERƏCƏKDİR
Bu tədbirlər, əsasən, istehsal, emal və xidmət müəssisələrinə tətbiq olunacaqdır. İxracyönümlü və ya idxalı əvəz edən məhsullar buraxan, məhsulunun satış bazarı geniş olan, istehsal prosesində yerli xammaldan istifadə edən və digər bu kimi meyarlara cavab verən müəssisələrdə də sağlamlaşdırma və restrukturizasiya tədbirləri tətbiq ediləcəkdir.
Komitənin mütəxəssisləri artıq müvafiq sahələr üzrə təhlillər aparmağa başlamış və pilot layihələrini həyata keçirməyə hazırlaşırlar. Görülən işlərin nəticəsində müvafiq müəssisələr üzrə “Restrukturizasiya və sağlamlaşdırma” Proqramı hazırlanacaqdır.
Restrukturizasiya prosesi yalnız bu və ya digər istehsal sahələrinin ləğvi, yaxud da birləşdirilməsi deyil, strateji cəhətdə daha müasir idarəetmə üsullarının, müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin dəyişdirilməsi, xərclərin azaldılmasına nail olunması, borcların restrukturizasiyası və bəzi digər tədbirləri əhatə edəcəkdir.
Eyni zamanda ölkənin qaz, su, kanalizasiya, istilik və kommunal təsərrüfatı sahələrində beynəlxalq təcrübə nəzərə alınmaqla, restrukturizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri işlər görülür. Həyata keçiriləcək işlər infrastruktur və kommunal sektorda dövlətin tənzimləmə funksiyalarının artırılmasına və bu sahənin kommersiyalaşdırılmasına gətirib çıxaracaqdır.
Aparılan sağlamlaşdırma və restrukturizasiya tədbirləri müəssisələrin fəaliyyətinin qısa müddətdə bərpası, müasir idarəetmə üsullarının tətbiqi, yeni istehsal sahələrinin yaradılması və mövcud iş yerlərinin bərpasına gətirib çıxaracaqdır ki, bunun da nəticəsində qeyri-neft sektorunun inkişafı və ölkənin sənaye potensialının artırılması mümkün olacaqdır.