Revaz Nadaraya: Gürcüstan və Azərbaycan Konstitusiya məhkəmələri arasında güclü əməkdaşlıq ənənəsi yaranıb VİDEO
Bakı, 12 noyabr, G.Mahmudlu, A.Haqverdiyeva, AZƏRTAC
Gürcüstan və Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və regional səviyyələrdə fəal əməkdaşlıq edir. Müstəqilliklərinin bərpasından dərhal sonra hər iki ölkə insan hüquqlarının müdafiəsi üçün demokratik təsisatlar və milli sistemlər yaratmağa başladı. Bu prosesdə ikitərəfli məsləhətləşmələr və beynəlxalq təcrübənin paylaşılması mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” beynəlxalq konfrans çərçivəsində keçirilən “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” mövzusunda paneldə Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraya deyib.
Onun sözlərinə görə, 1990-cı illərdən indiyədək Gürcüstan və Azərbaycan arasında insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlər, məhkəmə sistemində islahatlar, penitensiar sistemin humanistləşdirilməsi və alternativ cəzanın tətbiqini əhatə edən bir neçə əməkdaşlıq memorandumu və sazişlər qüvvədə qalıb:”Hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin İnkişaf Proqramı çərçivəsində fəal əməkdaşlıq edir. Məqsəd insan hüquqlarının dövlət siyasətinə inteqrasiyasını təmin etməkdir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, illər ərzində Gürcüstan və Azərbaycan Konstitusiya məhkəmələri arasında güclü əməkdaşlıq ənənəsi yaranıb. Bu da ikitərəfli səfərlərdə və qarşılıqlı təcrübə mübadiləsində özünü göstərir".