RİO-DE-JANEYRODA DÜNYADA ƏN İRİ QUL MƏZARLIĞINDAN BİRİ AŞKAR OLUNMUŞDUR
Tapıntını “yeni zəncilərin məzarlığı” adlandıran və buradan 5562 sümük parçası tapan arxeoloqların fikrincə, həmin ərazidə, əsasən, 18-25 yaşlı zəncilərin 20 minədək cəsədi ola bilər. Onlar Braziliyaya üçaylıq gəmi “səyahəti” zamanı, yaxud da mənzil başına çatandan dərhal sonra ölmüşlər.
Zəncilərin Hüquqları Şurasının keçmiş sədri Antonio Karlos Rodriges demişdir: “Əslində, bura cəsədlərin atıldığı xəndəkdir. Qazıntılar zamanı biz bir-birinin üstündə yerləşən kəllələr aşkar etmişik, cəsədlər isə qalaqlanmışdı”.
Portuqaliyanın qul alverçiləri 1550-ci ildən quldarlığın rəsmən ləğv olunduğu 1888-ci ilədək Braziliyaya azı 3 milyon Afrika zəncisi gətirmişlər. Qul alverinin mərkəzi Qamboa mahalı olmuşdur. Qulları kökəltmə evləri də elə burada yerləşmişdir. Qulları bu evlərdə kökəltdikdən sonra plantasiyalara göndərirdilər.
Rodriges torpağın altındakı qulları hər il şəhərdəki kriminal çəkişmələrdə həlak olan Afrika mənşəli gənc braziliyalılarla müqayisə etmişdir. Rodriges kimi insan hüquqları müdafiəçilərinin fikrincə, Braziliya bu məzarlığın meydana gəlməsi ilə nəticələnən hadisələrə müasir baxımdan yanaşmasa, irqçilik və quldarlıq ölkənin cəmiyyətini qurd kimi içindən yeyəcəkdir.